Məlum olduğu kimi, iyun ayının 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində hər iki dövlət başçılarının bəyanatlarında Türkiyə ilə Azərbaycanın münasibətlərinə çox böyük önəm verilib və qəti olaraq qeyd edilib ki, hər iki ölkə hər zaman bir-birinin yanındadır. Qars Müqaviləsindən 100 il sonra Şuşa Bəyannaməsinin imzalanması bir daha subut etdi ki, Türkiyə və Azərbaycan hər zaman qardaşlıq əlini bir-birinə uzadacaqdır.
Qeyd edək ki, dünya sivilizasiyasının yarandığı gündən etibarən bütün ictimai-siyasi formasiyalarda müttəfiqlik münasibətlərinə malik dövlətlərarası təcrübəyə çox rast gəlinib. Qədim Yunan şəhər-dövlətlərindən tutmuş müasir dövrümüzə qədər eyni mövqedə və eyni ittifaqda olan çoxsaylı dövlətlər mövcud olub. İstər Qədim Şərq, istərsə də müasir inkişaf etmiş Qərbin tarixində dövlətlərin birgə fəaliyyətinin mahiyyətində diplomatiya, iqtisadi və siyasi maraqlar dururdu.
Amma bu günə kimi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nümunəsinə rast gəlmək mümkün olmayıb. Çünki bizim dostluğumuzun mayasında “Bir ananın iki oğlu” qayəsi dayanır. Bu iki dövlətin dini, dili, mədəniyyəti, adət-ənənəsi, dünyaya baxışı eynidir. Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir. Bizim bu qardaşlığımızı gözü götürməyən mənfur düşmənlər zaman-zaman bizi bir-birimizlə savaşdırmağa küskün salmağa çalışsalar da, buna nail ola bilməmişlər. Çünki qardaşlığımız milli maraqlar üzərində qurulub.
Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 ilə yaxın işğal altında qalmış qədim Şuşa şəhərinə səfəri və orda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Şuşa Bəyannaməsini imzalanması dünyaya bir daha hayqırdı ki, iki qardaş dövlət hər zaman bir-birinin arxasındadır. Eyni zamanda bu regionda sülhün, təhlükəsizliyin və sabitlyi bərqərar olunmasına xidmət edir. Artıq Cənubi Qafqazda yeni geosiyasi güclər formalaşır. Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bölgədəki mövqeyi xeyli güclənmiş, nüfuzu artıb. Eyni zamanda, Türkiyə daxil olmaqla, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi çox böyük geostrateji əhəmiyyətə malikdir.
Türkiyə Prezidentinin Azərbaycana son rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcıdır, nəticə etibarı ilə regionun gələcək inkişafının mühüm təməli kimi qiymətləndirilməlidir.
Elçin Zeynalov- Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı