• Be. Noy 25th, 2024

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi missiya

ByVuqar Ferzeliyev

Apr 26, 2022
  Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideyasının əsasını təşkil edir. İstər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun təsis edilməsi, istərsə də Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların öz tarixi vətənləri ilə əlaqələrinin qırılmamasına, onların milli və mədəni identikliklərinin qorunub saxlanılmasına, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edib. Heydər Əliyev harada yaşamasından, məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlını Azərbaycanın ayrılmaz bir parçası kimi görür, onları öz milli, mədəni mənsubiyyətləri ilə qürur duymağa çağırırdı. 
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
   Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında və Zəfərimizin diplomatik müstəvidə möhkəmləndirilməsində milli həmrəyliyimizin müstəsna rolu oldu. Dünya azərbaycanlılarının, eləcə də diaspor təşkilatlarının sistemli fəaliyyəti bu prosesdə böyük töhfələr verdi. Bütün bu nailiyyətlərin ciddi əsasları vardır.
Şuşada keçirilən Zəfər qurultayı isə Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu böyük və möhtəşəm tədbi bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti Heydər Əliyev ideyalarına sədaqət çərçivəsində həyata keçirilir. Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Respublikası hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Bütün qitələrə səpələnmiş 50 milyonluq Azərbaycan xalqı yeni intibah dövrünə qədəm qoymuşdur. İlham Əliyevin yeni dövrün inkişaf strategiyası ilə bağlı bütövlükdə dünya azərbaycanlıları üçün əsas hədəfləri müəyyənləşdirdi, tövsiyə və tapşırıqlarını verdi, eyni zamanda iqtisadi cəhətdən tənəzzülə uğrayan məğlub Ermənistana sonuncu şansı verdi.
Mirsüleyman Mirxaslı, YAP Cəlilabad rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir