• Bz. Noy 24th, 2024

Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti

ByVuqar Ferzeliyev

Mar 4, 2024

2020-ci il  Azərbaycanın tarixinə  qızıl hərflərlə yazıldı. 44 günlük  Vətən müharibəsində rəşadətli ordumuz təcavüzkar Ermənistanı döyüş meydanında məğlub etdi.İşğala son qoydu və  dövlətimizin ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz nitqində söyləmişdir: “Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

1 oktyabr 2003-cü il  tarixində Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması idi. Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi.

Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırır ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” – deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən xilaskarlıq missiyası da bu deyilənləri təsdiq edir. Hələ sovet hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran Ulu Öndər müstəqilliyimizin bərkimədiyi 1993-cü ildə də tarixin gərdişini dəyişdi. Öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu Öndərin təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı.Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti ən kəskin ziddiyyətlərin mövcud olduğu bir dövrdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi.

Azərbaycanın müasir ordusunun yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunun ən parlaq səhifələrindən biridir. Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra əsası qoyulan ordu quruculuğunun diqqətçəkən əsas cəhəti yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Ulu Öndər Heydər Əliyev demişdir: “…Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir”.

Ötən illərdə Ulu Öndər Heydər Əliyev siyasətini inamla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu məsələlərini xüsusilə diqqət mərkəzində saxlayır. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Prezident İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır.

Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.

Vəliyeva Südabə Eminağa qızı

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir