• C. Noy 22nd, 2024

ULU ÖNDƏRİN SİYASİ KURSU MÜSTƏQİLLİYİMİZİN QORUNUB SAXLANILMASININ ƏSAS ŞƏRTİDİR

Byyenigun

Dek 12, 2021

Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. Bu baxımdan, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.
O dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.
Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.
Ofeliya Qəhrəmanova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir