1991-ci il sentyabrın 3-ü Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafında dönüş günü oldu. Dünya şöhrətli ümummilli lider Heydər Əliyev həmin tarixdən muxtar respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji sərf etdi.
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Naxçıvanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir.O, 1991-ci ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Məhz bu zaman burada dövlətçiliyin əsasları qoyuldu, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.
Bir daha qeyd edək ki, haqqında söz gedən dövr Naxçıvan MR-in quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Əlbəttə bu sahədə ulu öndərimizin yeritdiyi xarici siyasətin mühüm rolu olmuşdur. Hələ o zaman Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmişdir.
Naxçıvanda Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları, xüsusilə qonşu dövlətlər olan Türkiyə və İranla münasibətlərə ciddi diqqət yetirilməsinə başlandı və möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu fəaliyyət sayəsində bu tendensiya qorunub saxlanılır.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.