Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. Xatırladaq ki, bu münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulması ilə yaradılıb. 1997-ci ilin martında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıb. Sadaladıqlarımız hazırkı yüksək səviyyəli əməkdaşlıq konturları baxımından, bir növ, müqəddimə sayıla bilər. Bəlkə, müstəqilliyimizin ilk illərində Azərbaycan–İtaliya əməkdaşlığı baxımından indi yaşananları heç ağla gətirmək belə mümkün olmazdı. Ancaq xəyallarımızın gerçəkləşdiyi bir dövrdəyik və Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır.
Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu. Azərbaycan–İtaliya əlaqələri möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də bu baxımdan mühüm önəm daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.
Nicat Mütəllimov
Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı