Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bəyan etmişdir ki, son zamanlarda Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərdə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində güclü cəlb edildiyinin şahidi olmuşuq. Bu məsələ qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır.
Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Biz artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, bizim hamımıza fayda verəcək.
Vahid Mirzəyev,
Cəlilabad şəhər bələdiyyəsinin sədri