Prezident İlham Əliyev öz çıxışlarında daim bildirmişdir ki, hamınızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, yetişdirməkdir. Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etmək lazımdır. Azərbaycan gəncləri-bugünkü və sabah gələn gənclər də gərək bilsinlər ki, hər bir azərbaycanlının milli borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaqdır. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir. Dövlət başçısı da forumdakı çıxışında Vətən müharibəsində gənclərin həlledici rolunun olduğunu qeyd etdi və dedi ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz bu gün haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.
Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər. Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmiş, qəhrəmancasına həlak olmuşdur. Bizim qəhrəmanlar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Qururverici haldır ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.
Elxan Xudaşlı,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı