• Be. Noy 25th, 2024

VƏTƏNƏ, MİLLİ DƏYƏRLƏRƏ SƏDAQƏT MÜCƏSSƏMƏSİ

ByYenigun.news

Avq 24, 2021

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.

 Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman  bəşəriyyətin inkişafına mühüm töhfələr verib. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.  

  Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının  Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.

   Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti  Azərbaycan qadınının cəmiyyətdəki  rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri  təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. 
     Mehriban xanım sədaqətli həyat yoldaşı, Möhtərəm Prezidentimizin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir.   Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək büyük peşəkarlıq və səbr tələb edir. Bununla bağlı Mehriban xanım  qeyd edir ki, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm.  İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.  Adətən biz gənc nəsli tarixi nümunələr əsasında tərbiyə edirik. Lakin Mehriban xanım  özünün çoxşaxəli fəaliyyəti ilə bu gün gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir. İlk davamçıları isə övladlarıdır. Onlar  əsl vətəndaş kimi insanpərvərlik, vətənpərvərlik ruhunda tərbiyə  olunublar  və biz bunu onların fəaliyyətlərində əyani şəkildə görürük.
  Doğum gününüz münasibətilə Sizi təbrik edirik, örnək aldığımız əziz və sevimli Mehriban xanım! Sizə qəlbinizdə olan bütün arzularınıza çatmanızı və cənab Prezidentlə, gözəl övlad və nəvələrinizlə hər zaman sağlıqlı, bəxtiyar doğum günləri keçirməyi arzulayırıq!

Xuraman Əliyeva, sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir