• Be. Okt 13th, 2025

Vətənə sədaqətli xidmət nümunəsi

ByVuqar Ferzeliyev

Okt 2, 2025

        Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın buğunkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

       Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

        Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sayıla bilər. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi.

      Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkə Azərbaycan Respublikasının Prezidenti  seçildi. Ulu Öndər o zaman Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. Bütün çətinliklərə, manilərə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu.

        Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək ümummilli liderin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.

Ədalət Əsgərov,   

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri