Azərbaycan xalqının tarixində böyük dönüş anlarından biri 1993-cü ilin oktyabrın 10-da yaşandı. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev həmin gün dövlətə və xalqa sədaqət andı içdi. Bu and yalnız siyasi mərasim deyildi, həm də müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını ifadə edirdi. Ulu Öndər Heydər Əliyev and içdiyi gündən xalq qarşısında öz tarixi missiyasını şərəflə yerinə yetirdi. O, Azərbaycanın parçalanma, xaos və böhran təhlükəsindən qurtulmasını təmin etdi, ölkəni böyük bəlalardan və faciələrdən hifz etdi. Heydər Əliyev dərin siyasi iradəsi, müdrik dövlətçilik bacarığı ilə Azərbaycanı sabitlik və təhlükəsizlik yoluna çıxardı. Sabitliyin bərpası ilə yanaşı, iqtisadi inkişaf və tərəqqiyə aparan yol da məhz bu dövrdə açıldı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda iqtisadi islahatlar həyata keçirildi, bazar münasibətləri formalaşdırıldı, dövlətin möhkəm təməli qoyuldu. Xüsusilə də qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılması Azərbaycanın dünyadakı yerini möhkəmləndirdi. “Əsrin müqaviləsi” kimi tarixi layihələr təkcə ölkə iqtisadiyyatını dirçəltmədi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu artırdı.
Heydər Əliyevin siyasi kursu göstərdi ki, dövlətə və xalqa sədaqətlə xidmət yalnız sözlə deyil, əməli fəaliyyətlə sübut olunur. Onun həyata keçirdiyi islahatlar, atdığı qətiyyətli addımlar müstəqil Azərbaycanın möhkəmlənməsinə, gələcək nəsillərə güclü dövlətin miras qalmasına xidmət etdi. Bu gün Azərbaycan xalqı qürurla deyə bilər ki, Ulu Öndər Heydər Əliyev Vətənə sədaqətli xidmətin ən möhtəşəm nümunəsini yaradıb. Onun rəhbərliyi ilə formalaşan dövlətçilik ənənələri, milli iradəyə söykənən siyasət və strateji layihələr müasir Azərbaycanın qüdrətinin əsasını təşkil edir.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı