• Şb. Dek 6th, 2025

Vətəndaşlarımıza qayğı və diqqət prinsipial məsələdir

ByVuqar Ferzeliyev

Noy 13, 2025
   "Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir". Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.
   Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. 
  Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
  Bununla belə, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bunlara yol vermək olmaz. Əks təqdirdə, lazımi tənbeh, hətta cəza tədbirləri  görüləcək.

Faiq Məlikov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi