• Şb. Noy 30th, 2024

Vətənin tərəqqisinə xidmət nümunəsi

ByVuqar Ferzeliyev

May 8, 2022
 Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətdə olduğu 1993-2003-cü illərdə də Azərbaycan iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atılmış, ölkəmizin beynəlxalq aləmdə siyasi imici yüksəlmiş, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin olunmuşdur.
   1993-cü ili xatırlayaq. Həmin vaxt hakimiyyətin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan ağrılı bir cəhət idi. O vaxt ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtmasaydı, idarəçiliyin sükanını  öz əlinə almasaydı, milli azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir,  dövlətçiliyimizin taleyi necə olacaqdı! O, 1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı, titanik zəhmət bahasına Azərbaycanı bütün dünyaya tanıtdı. Dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etdi. Bu siyasətin müəllifi olan  ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç  vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib.
   İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf yolundadır. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır.  Ölkənin bütün guşələrində əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu öndərimizin  iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı  qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır.  İnanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi  yoxdur, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.

Kamilə Əzizova, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir