Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılır. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.
Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini – döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri Azərbaycan gəncliyinin “nəfəsini kürəyində hiss etdi”…
Vətən müharibəsinə kimi çağırışçılar hərbi xidmətə Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək döyüşlərdə iştirak etmək niyyətiylə başlayırdı. 2020-ci il sentyabrın 27-nə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər də bu amalla xidmət edirdilər. Hərbi xidmətdən tərxis olunanlar döyüşlər başlayanda döyüşənlərin sırasında olmaqda israrlıydılar. Yəni, Azərbaycan gəncliyi döyüş əzmi ilə xidmət edirdi, döyüş əzmi ilə yaşayırdı. Bu, qələbə ruhuna tən döyüş əzmi idi. Yəni, Azərbaycan gəncliyi düşüncələrində də, yaşantılarında da döyüş əmri gözləyirdi. Gəncliyin gözləməsi cəmiyyətin gözləməsinin eyni idi…
Birinci Qarabağ müharibəsinin iştirakçılarının oğulları, bəzilərinin nəvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün başlayacaq döyüşləri şəhidlərin ruhuna gözaydınlığı etmək niyyətindəydi. Döyüşlər əks-hücum əməliyyatı kimi başladı, Vətən müharibəsi kimi davam etdi. Azərbaycan Ordusu, bu anlamda Azərbaycan gəncləri sərkərdənin əmrini qələbə ilə tamamladı; Zəfər işğalı sonlandırdı. Azərbaycan Ordusu bu qələbə ilə regionda bir terror şəbəkəsini də zərərsizləşdirdi. Yəni, Azərbaycan Ordusunun bu qələbəsi bəşəri qələbə oldu.
Sevda Şahmarova,
Cəlilabad Tibb Kollecinin ll kurs tələbəsi
