Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılır. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.
Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərin də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üzağlığı gətirirlər.
Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini – döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri Azərbaycan gəncliyinin “nəfəsini kürəyində hiss etdi”…
Vətən müharibəsinə kimi çağırışçılar hərbi xidmətə Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək döyüşlərdə iştirak etmək niyyətiylə başlayırdı. 2020-ci il sentyabrın 27-nə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər də bu amalla xidmət edirdilər. Hərbi xidmətdən tərxis olunanlar döyüşlər başlayanda döyüşənlərin sırasında olmaqda israrlıydılar. Yəni, Azərbaycan gəncliyi döyüş əzmi ilə xidmət edirdi, döyüş əzmi ilə yaşayırdı. Bu, qələbə ruhuna tən döyüş əzmi idi. Yəni, Azərbaycan gəncliyi düşüncələrində də, yaşantılarında da döyüş əmri gözləyirdi. Gəncliyin gözləməsi cəmiyyətin gözləməsinin eyni idi. Azərbaycan gəncləri sərkərdənin əmrini qələbə ilə tamamladı; Zəfər işğalı sonlandırdı. Gənclərimiz bu qələbə ilə regionda bir terror şəbəkəsini də zərərsizləşdirdi. Yəni, Azərbaycan Ordusunun bu qələbəsi bəşəri qələbə oldu..Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi