Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə fəaliyyət göstərən diaspor təşkilatları. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.
Azərbaycan Prezidentinin milli kimliyin inkişafı konsepsiyasına əsaslanan, multikulturalizmlə vəhdət təşkil edən siyasəti əvvəllər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə olduğu kimi, sistemli şəkildə həyata keçirilir və nəzərəçarpan nəticələr verir. Prezident İlham Əliyevin müstəsna xidmətlərindən biri Azərbaycanın İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəsidir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
Prezident İlham Əliyev böyük uzaqgörənliklə ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən edərək bu siyasətin istiqamətini göstərib. Azərbaycan Ordusu həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Minlərlə azərbaycanlı artıq atalarının, babalarının və ulu babalarının torpağına qayıtmaq, dağıdılmış kənd və şəhərləri bərpa etmək üçün çoxdan gözlənilən fürsəti əldə etdi. Bu zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qısa zamanda qazanıldı və azərbaycan övladlarının həmrəyliyinin nəticəsi idi
Səbinə İsmayılova,
ADPU Cəlilabad filialında şöbə müdiri