• C. Noy 29th, 2024

Xalqın sarsılmaz iradəsi və siyasi cəsarətimiz qalib gəldi

ByVuqar Ferzeliyev

Yan 18, 2024

Bu günlər Azərbaycanın azadlıgı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmus qanlı 20 Yanvar hadisələrinin növbəti 34-cü ildönümünü anırıq.

1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı.

20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu rahatlıq tapıb, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.

Möhkəm əminik ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi və dövlətçiliyin təməlini təşkil edən bu ali prinsipləri şübhə altına qoyanların, eləcə də revanşizm fikirlərindən çıxış edənlərin layiqincə cavablandırılması bundan sonra da tərəfimizdən təmin ediləcək və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların cavab verməsi üçün bütün lazımi addımlar atılacaq.

Günay İbadova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir