Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını göstərir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin adi leksik və qrammatik qaydaları pozulur. Biz dəfələrlə ana dili ilə bağlı müxtəlif mövzulara, problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, dilçi alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".
Beləliklə, ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.
Fuad Əzizov, Göytəpə şəhər İƏN müavini