Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda birmənalı olaraq vurğulanmışdır ki, bu gün dövlətlərarası münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Dövlətimizin başçısı qeyd etmişdir ki, apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında müzakirələr olmuş, fikir mübadiləsi edilmişdir. Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqlənmişdir. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli İİR Prezidentinin böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.
Prezident İlham Əliyev vurğulayıb ki, regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək.
Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə – buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır.
Rövşən Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi