• Ça. Fev 24th, 2026

Xocalı soyqırımı xalqımızın qanlı faciəsidir

ByVuqar Ferzeliyev

Fev 24, 2026
     Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcək. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına həyata keçirilən faciəsidir.  1992-ci ildə qanlı faciəyə kimi Xocalıda 7 min əhali yaşayırdı. İşğal olunmazdan əvvəl Xocalıda Ermənistandan qovulan 1500 azərbaycanlı, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli soydaşlarımız və 1989-cu ildə Fərqanədən qovulmuş 495 məhsəti türkü də burada məskunlaşmışdı. 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul etdi. Xocalı Qarabağda yeganə mülki hava limanına malik mühüm kommunikasiya mərkəzi idi. Xocalı polisi ermənilərin aeroport vasitəsilə Xankəndinə hərbi sursat daşımasının qarşısını tədricən almışdı.
   Xocalı faciəsinə ilk hüquqi qiyməti Ulu öndərimiz Heydər Əliyev verdi. Onun Fərmanı ilə 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunur. Xocalı faciəsi haqqında beynəlxalq təşkilatlara məlumat verilmişdir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi haqqında BMT-də Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsədə təəsüf ki bu qətnamələr icra olunmadi. Azərbaycan özü qətnamələri icra edərək, işğal olunmuş əraziləri geri qaytardı. Vətən müharibəsi və anti-terror əməliyyatı ilə ərazilərimiz yağı düşməndən təmizləndi. Qisasimizi aldıq və suverenliyimiz bərpa olundu. Bu gun Xocalılar öz doğma yurduna qayıdır.
      Həmin qanlı gecədə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Müasir silahlar və texnika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdilər. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
       Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq,  qoymadıq ki, onların qanı yerdə qalsın”.

                                                                                                       Meyxoş Abdullah,  
                                                            yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
                                                            Prezident mükafatçısı