• Şb. Noy 23rd, 2024

Yeni Azərbaycan Partiyası qarşıda duran məqsədlərə yol açan dünənin, bu günün və gələcəyin partiyasıdır

ByVuqar Ferzeliyev

Mar 4, 2024

1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. 30 ildir ki, partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi,”Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır”.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü olan böyük gücə çevrilmişdir. Bu üzvlərin də böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi “Zəfər”inin qazanılmasında müstəsna rol oynamışdır.

Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev bu gün həm müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən dövlət rəhbəri, həm də görkəmli partiya sədridir. Ötən illər ərzində Yeni Azərbaycan Partiyası milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir.

Bildiyimiz kimi, cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Bu səbəbdən 2021-ci il martın 5-də YAP-nın keçirilmiş VII qurultayında da partiyanın qarşısına yeni vəzifələr qoyulmuşdur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda geniş məzmunlu çıxış etmiş, partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”.

YAP-ın yeni proqramında “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyası bundan sonra da qarşıya qoyduğu hədəflərinə çatacaq və ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaqdır. Bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası qarşıda duran məqsədlərə yol açan dünənin, bu günün və gələcəyin partiyasıdır.

Faiq Zərbəliyev,

Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir