• Şb. Noy 23rd, 2024

YENİ İMKANLAR YARADAN QANUN LAYİHƏSİ

Byyenigun

Dek 14, 2021

“Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Bu qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.
Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. İndiyədək bir sıra sahədə çalışan şəxslər üçün güzəştli kreditlər (sosial ipoteka və s.) nəzərdə tutulsa da, jurnalistlər daim bu məsələdən kənarda qalıb. Yeni qanunla isə jurnalistlərin maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadəsi də nəzərdə tutulur. Layihədə qeyd olunur ki, həmin jurnalistlər özünün sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanacaq.

Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaq.
Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Onlar heç bir vahid vəsiqə almadan, əmək müqaviləsi olmadan, sərbəst şəkildə fəaliyyət göstərəcəklər. Heç kimə sirr deyil ki, bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması Azərbaycan cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.
Nəzəri və praktiki cəhətdən bu sistemdə ciddi problemlərin olduğu sirr deyil. Media və söz azadlığına sərt senzura qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər. Bu sistemdən avtoritar ölkələrdə geniş istifadə edilir, bu halda şübhəsiz ki, ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır.
Son dövrlərdə mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının sayı-hesabı yoxdur. Bu faktlar anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarır.
Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır. Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.
Türkan Əlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir