Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibəsində bir çox məsələlərlə bağlı mühüm mesajlar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun perspektivləri ilə bağlı idi. 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, isitismar, soyqırım törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan başqa regionda açılacaq yeni nəqliyyat dəhlizlərinin, xüsusilə də Zəngəzur dəhlizinin önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə də prinsipial mövqedə olduğunu göstərdi.
Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Türkiyə öz mallarını Orta Asiyaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir.
Kommunikasiyaların açılması üçün ədalətli mövqe və şərtlərin irəli sürülməsi başlıca şərtdir. Azərbaycan Prezidenti bununla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi. Vurğulandı ki, Azərbaycan öz ərazisində ermənilərin rahat istifadəsi üçün Laçın koridorundan maneəsiz hərəkətə razılıq verirsə, Ermənistan da analoji imkanları yaratmalıdır. Azərbaycanın Naxçıvanla əlaqəsinin quru yolu ilə qurulması üçün Ermənistan da öz ərazisində maneəsiz hərəkətə imkan yaratmalıdır. Burada dəmir yolu ilə yanaşı avtomobil yolunun açılması məsələsi də gündəmdədir. Çünki Laçın dəhlizi hansı şərtlərlə işləyirsə, Zəngəzur dəhlizi də eyni qaydada işləyəcək.
Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Prezidentin ermənilərə çağırışı onlar üçün bir şansdır.Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik.
Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Dəhlizlərin birinə hansısa bir nəzarət mexanizminin olması digəri üçün də analoji vəziyyət yaratmış olacaq. Bu ancaq qarşılıqlı şəkildə həll olunmalıdır.
Rafael Məmmədov