• Be. Noy 25th, 2024

Yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır

ByVuqar Ferzeliyev

Avq 20, 2024

        Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.  

        Ölkələrimizdə dövlət başçıları səviyyəsində mütəmadi görüşlər keçirilir. Prezident İlham Əliyevin cari ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd edildiyi kimi, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Cari il iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüş təşkil olunmuşdur. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

       Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu.

Rusiya Prezidenti ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq.

       Onu da deməliyik ki, Azərbaycanın ikitərəfli münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.

                                                                                  Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir