• Ça. Avq 26th, 2025

Yüksəksəviyyəli görüş  

ByVuqar Ferzeliyev

Avq 25, 2025

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfər edib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə ölkələrimizin Xəzər dənizi ilə birləşdiyini deyib və ikitərəfli görüşün məhsuldar olacağına əmin olduğunu bildirib. Bildirilib ki, ikitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır. Bu isə eyni regionda yerləşən üç ölkənin qardaş xalqları arasında gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq.

       Azərbaycan Prezidenti cənab  İlham Əliyev çıxışında dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü, minnətdarlığını bildirib. Xatırladıb ki, keçən ay Bakıda, Füzulidə, Şuşada görüşlər keçirildi və iki ölkə arasındakı dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar. İlham Əliyev Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsini çox yüksək qiymətləndirib. Xalqlarımızın ortaq tarix, mədəniyyət, dil və dinin birləşdirdiyini qeyd edib, qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsinin çox böyük məna daşıdığını, bunun çox böyük faydası və gözəl nəticələri olacağını vurğulayıb.

        Prezident İlham Əliyev qeyd edib ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək. Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunulub. Bu xüsusda, keçiriləcək Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

       Liderlər həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın prioritet istiqamətlərini də müzakirə edib, aidiyyəti dövlət qurumları ilə ictimai birliklər, tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, KİV, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin vacibliyini vurğulayıblar. Bəyanatda dostluğun və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyinə qəti əminlik qeyd olunur.

Xalid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı