• Be. Noy 25th, 2024

Zəfərimiz əhatəlidir, gələcəyə hesablanıb

ByVuqar Ferzeliyev

Noy 4, 2022

       Bu gün biz torpaqlarımızın azad olunmasının ildönümünü qeyd edir, qürurlanır,  bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağdan verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmədi. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü bərpa etdi.

       Ötən il bu vaxt, yəni noyabrın 9-da bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək torpaqlarımızın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Bu sevinci heç bir sözlə ifadə etmək olmur.  Lakin ən çox sevinən 30 il dədə-baba yurdundan didərgin düşən insanlar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmazdı.

         Azərbaycanın bu gün öz daxili imkanlarına arxalanaraq, yeganə rəqibinin zaman olduğunu önə çəkərək bərpa və quruculuq istiqamətində atdığı addımlar Böyük Qayıdışın tezliklə gerçəkləşməsinə yönəlib. İşğaldan azad edilmiş ərazilərimizə soydaşlarımızın qayıdışı, orada yeni həyatın başlanması islahatları qaçılmaz edir. Artıq məlumdur ki, bu torpaqlarda təkmil idarəçilik sistemi yaradılıb. Qarabağımız yeni idarəçilik əsasında bərpa edilərək böyük mədəniyyət və turizm məkanına çevriləcək. 

       İşğaldan azad olunmuş ərazilərin bərpası əsasən infrastruktur sahələrindən başlamaqla kompleks xarakter daşıyır.  Həm yollar bərpa olunur, həm enerji ilə təminat yoluna qoyulur, həm də kənd və şəhərlərin bərpası üçün yeni layihələr icra olunur. Bu yaxınlarda Füzuli Beynəlxalq hava limanı istifadəyə verildi. 2021-ci ilin aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək.  Mütəxəssislər bildirirlər ki, Zəngilanda Hava Limanının tikilib istifadəyə verilməsi eyni zamanda, Azərbaycan üçün Şərqə yeni qapı açacaq. Həmçinin hava limanları bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.        

       Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin inşası da əhəmiyyətli hadisədir. Bu dəmir yolunu istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük strateji önəmi var. Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq. Eyni zamanda, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.    

       Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarda inşa olunan bütün yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Bununla da öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Zəngilana qayıtmaq arzusu ilə yaşayıb. Əminik ki, işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.

                                                                            Cavanşir Həsənov,

Cəlilabad rayon Kənd

Təssərüfatı İdarəsinin sektor müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir