• Bz. Noy 24th, 2024

Zəfərin ünvanı Azərbaycandır!

ByVuqar Ferzeliyev

Noy 4, 2022

        Qələbə uğrunda savaşda Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı.

        Hər bir xalqın dayağı və güvənc yeri onun ordusu və bu orduda xidmət edən mərd oğullarıdır. Ölkəmiz də hər zaman öz qəhrəmanları ilə tanınır və tanınacaqdır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, yarımçıq qoyduğumuz missiyanı tamamlamaq üçün döyüş meydanına qayıdıb, öz missiyamızı başa vurmalıyıq. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir.

        Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

         44 günlük müharibə bizim şanlı tariximizdir, qəhrəmanlıq dastanımızdır. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi.

       Şuşanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. Vətən yolunda canlarından keçənlər. Yeni nəsillər üçün qəhrəmanlıq vətənpərvərlik nümunələridir! Prezident dəfələrlə vurğulayıb ki, biz torpaqlarımızı şəhidlərin canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək.

        Budur, göz önündədir, güclənən Azərbaycan və məhv olan Ermənistan. Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Son günlərin Soçi danışıqları bunu bir daha aydın göstərdi.

                                                                                                         Fizuli Cəfərov,

                                                             Cəlilabad RİH-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir