• C. Yan 31st, 2025

Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək

ByVuqar Ferzeliyev

Yan 30, 2025

     İkinci Qarabağ müharibəsinin əsas diqqətçəkən nəticələrindən biri – Zənzəgur dəhlizinin açılmasıdır. Bu Azərbaycan üçün prioritet məsələdir ki, onun həyata keçirilməsi təkcə rəsmi Bakı üçün yox, region üçün böyük əhəmiyyət kəsb edəcək. Azərbaycanın bir parçası olan Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi mütləqdir. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə işə başlanıldı. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır.  2021-ci il 26 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atıblar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb.

     Ermənistan üçün bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradan bir layihədir. Zəngəzur dəhlizi regionun tranzit və logistika potensialını artıracaq. Bu potensialın reallaşması regionda yeni nəqliyyat marşrutlarının yaradılmasına və əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizi region iqtisadiyyatının inkişafı üçün böyük imkan yaradacaq. Dəhliz Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Bundan əlavə, Rusiya və İrana nəqliyyat marşrutları aktivləşdirilir. Zəngəzur dəhlizinin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. 2021-ci ildə bu dəhlizin əhəmiyyətini dəyərləndirərkən İlham Əliyev qeyd etmişdi ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək: “Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – deyə Azərbaycan Prezidenti qarşı tərəfə açıq şəkildə mesaj ünvanlayıb. Bu mesajda, bu tələbdə anlaşılmayacaq və qeyri-qanuni heç bir şey yoxdur. Çünki Ermənistan tərəfi 10 noyabr bəyanatı üzrə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçidlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan Prezidenti də məhz bu öhdəlikdən çıxış edir və riyakar Ermənistan rəhbərliyinə öhdəliyini xatırladır. Ona görə də Ermənistan mediasının və siyasi dairələrinin bu məsələ ətrafında süni ajiotaj yaratması tamamilə yersizdir.

Sədafər Hüseynov

Saatlı Rayon Ağsaqqallar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir