Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə cavab verib.
“Yenigun.news” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Paşinyan bu təkliflə razı olduğunu deyərək Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb:
“Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna razıyam. Və rəsmi olaraq Əliyevə deyirəm – bütün əsirlərin əvəzinə oğlumu təklif edirəm. Rəsmi olaraq deyirəm. Serjik və Robik, insanların alqı-satqısı üzrə mütəxəssislər olaraq sizə bu məsələ ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verirəm. Əgər bu işdən bir neçə min dollar qazansanız lap yerinə düşəcək”.
Koçaryanın tənqidlərinə və onu duelə çağırmasına cavab olaraq isə Paşinyan bildirib ki, birdən bu təklifə razı olar, silahı götürər və darağı onun alnına boşaldar.
“Bundan sonra bunun da zorakılıq olduğunu söyləyəcəksiniz, qatillər?”, – deyə Paşinyan qeyd edib.