Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı giriş nitqində hesabat dövründə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunu indiyədək qazanılan müsbət nəticələrin davamı kimi qiymətləndirdiyini bildirib.
Ölkə rəhbəri müharibədən ötən bir ilin əlamətdar olduğunu, düşməndən təmizlənən torpaqlarda bərpa işlərinin uğurla həyata keçirildiyini, Vətən savaşı nəticəsində bölgədə yaranan yeni reallıqların beynəlxalq müstəvidə də qəbul edildiyini, nüfuzlu xarici təşkilatlarla təmasların, fəal əməkdaşlığın dinamik xarakter aldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, bu yaxınlarda BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin reallaşdırıldığını, bu ali qurumun ölkəmizin ərazi bütövlüyünü tam tanıyan təşkilat olaraq işğalla üzləşdiyimiz dövrdə onun Təhlükəsizlik Şurasının ədalətli qərarlar qəbul etdiyini, lakin həmin qərarların 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldığını da bildirib.
BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.
Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Bu təşkilatla təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Brüsseldə imzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.
Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu ugurlu fəaliyyət Prezident İlham Əliyevin həm də yüksək diplomat keyfiyyətlərinə sahibliyinin parlaq nümunəsidir. Elmira Abbasova, əməkdar müəllim