• C. Noy 22nd, 2024

Ən əziz tarixi gün – 8 Mart Beynəlxalq Qadınlar günü

ByVuqar Ferzeliyev

Mar 8, 2022
8 Mart - qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin "qadın bayramı"nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.
  Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.

8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin). Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau – Saksoniya vilayətində anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.
Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq “seçki” hüququnu tələb edirdilər.
Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar. Qadınlara həsr olunan bu möhtəşəm 8 mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın!

Elmira Abbasova, əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir