• Bz. Noy 24th, 2024

Ağ Evdən Bakıya kritik zəng — İlham Əliyevdən prinsipial mövqe

ByYenigun.news

May 19, 2021

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan srağagün Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərdən məmnunluq ifadə edilib, bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

“Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədlərin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb və ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib”, – rəsmi məlumatda bildirilir.

Öz növbəsində İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı söyləyib. Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra regionda, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu vurğulayıb. Prezident habelə Baydenin müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib, bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

“Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb”, – rəsmi xəbərdə bildirilir.


Baydenin müşaviri eyni gündə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyana da telefon açıb. Ermənistan hökuməti mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Azərbaycandakı erməni diversantları mövzusunu da müzakirə edib. Bildirilir ki, Sallivan “onların geri qaytarılmasının vacibliyini” dilə gətirib.

Rəsmi Bakının açıqlamasında isə diversantlarla bağlı heç nə deyilmir. Bu isə diversant mövzusunun da diqqətdə saxlanmasına müəyyən şübhələr yaradır. İnformasiya savaşında erməni tərəfinin ənənəvi olaraq yalan və şişirtmələrdən istifadə elədiyini nəzərə alsaq, bəlkə də təəccüblü sayılmaz.

Yaxud Paşinyanın mətbuat xidmətinin Sallivanın zəngi ilə bağlı yaydığı belə bir cümlə: “Amerika tərəfi Azərbaycan silahlı qüvvələrinin Ermənistan sərhədləri daxilində hərəkətlərini qəbuledilməz və təxribat hesab edib və bildirib ki, ABŞ öz mövqeyini qoşunlarını Ermənistan ərazisindən çıxarmaq tələbi ilə Azərbaycan rəhbərliyinə çatdıracaq”.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda isə amerikalı müşavirin bu xüsusda da hansısa sərt ritorikası görünmür. Əksinə, deyilir ki, telefon danışığı zamanı “ikitərəfli münasibətlərdən məmnunluq ifadə edilib, bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub”.   

*****

Əlbəttə ki, erməni rəsmilərinin öz arzularını gerçək kimi təqdim eləmək cəhdləri yeni deyil. Onların “stəkanda fırtına” yaradıb böyük güclərin diqqətini özlərinə cəlb eləmək şakəri də təzə sayılmaz. Eləcə də ABŞ və Fransanın “erməni kartı” hesabına regionda möhkəmlənmək istəyi təzə məsələ deyil.

Ancaq Azərbaycan rəhbərliyi bir neçə dəfə mesaj verib ki, qlobal güclərin bölgədə özlərinin hansısa maraqlarını təsbit eləməsi üçün öncə onlar beynəlxalq hüquqa sayğı göstərməlidir. Sual yaranır: əgər Vaşinqton və Paris Ermənistanın ərazi bütövlüyü sarıdan bunca narahatdırsa, 30 illik işğal bir yana, nədən heç olmasa kapitulyasiyadan sonra İrəvanı öz qonşularının ərazi bütövlüyünü tanımağa çağırmır ki, Azərbaycan və Türkiyə də eyni addımı atsın?

Hərçənd nə Ankara, nə də Bakının Ermənistan ərazisində gözü yoxdur. Bunu son olaraq İlham Əliyev AzTV-yə müsahibəsində bir daha bəyan edib. Eyni zamanda Azərbaycanın qədim Türk torpaqlarında yaradılmasına rəğmən, Ermənistanla da sülh müqaviləsi imzalamağa hazır olduğu bildirilib. Elə isə Ermənistan da əgər eyni dərəcədə səmimidirsə, arxasında “daş gizlətməyibsə”, nədən uzadılan barışıq əlini israrla sıxmır? Tam tərsinə, bölgədə süni gərginlik yaradan addımlara gedir, Azərbaycan sərhədi keçmədiyi halda “qaşınmayan yerdə qan çıxarmağa”, beləliklə, özünü yenə Qərb qarşısında “əzabkeş” obrazında göstərməyə çalışır. Axı Ermənistanın ən yaxın müttəfiqi, ABŞ və Fransadan qat-qat çox işin içində olan, əlində sovet dövrünün xəritələrini tutan Rusiya heç İrəvan üçün belə hay-küyü qaldırmır, əldən getmir, hətta faktiki Azərbaycana yaxın mövqe sərgiləyir.

*****

Demək, Azərbaycan tərəfinin haqlı vurğuladığı kimi, adicə texniki məsələ siyasiləşdirilir, beynəlmiləlləşdirilir. Başqa sözlə və nə rəsmi İrəvanın, nə də Paris və Vaşinqtonun  gerçək hədəfi əslində Ermənistanın ərazi bütövlüyü deyil. Bəs nədir?

Hədəf bölgəyə “arxa qapı”dan girib möhkəmlənməkdir. Bu isə mümkün deyil. Ona görə ki, regionun açar dövləti var – Azərbaycan. Ondan icazə almaq, onun maraqlarına sayğılı olmaq lazımdır.

Bu mənada hansı motivlə olur-olsun, Ermənistana verilən vədlər elə vəd olaraq qalacaq. Heç kim ona birbaşa hərbi yardım edəsi deyil. Belə şey mümkün olsaydı, 44 günlük müharibədə olardı. Bu köməyi heç Rusiya öz forpostuna göstərmədı. Çünki Ermənistan indiki kimi o vaxt da beynəlxalq hüquqa əsasən o dərəcədə haqsız durumda idi ki…

*****

Bu arada bölgədə öz qonşuları ilə sülh içində yaşamaq yönündə təşəbbüslər göstərmək, belə təşəbbüslərə dəstək vermək, uzadılan barışıq əllərini təcili sıxmaq əvəzinə, rəsmi İrəvan yenə militarist planlardan söz eləməyə başlayıb. Bu da təzə fakt.

“Ermənistan silahlı qüvvələrinin potensialı və imkanları Qarabağdakı müharibədən sonra artıq böyük ölçüdə bərpa edilib”.

Musavat.com xəbər verir ki, bunu dünən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Təbii ki, müharibə zamanı Ermənistan ordusu müəyyən (?! – red.) zərbə aldı. Ancaq son dönəmdəki islahat prosesi onu böyük ölçüdə bərpa etməyə imkan verib. Bilirsiniz ki, Rusiya ilə birgə orduda genişmiqyaslı islahatlara başlamışıq və bu proses olduqca sürətli templərlə gedir. Əminəm ki, potensialımızı və döyüş qabiliyyətlərimizi tezliklə tam bərpa edəcəyik” – Armen Qriqoryan iddia edib.

Göründüyü kimi, cəmi 6 ay öncə burnu sındırılan, əngi əzilən və tam iflas astanasına gələn yoxsul və kasıb Ermənistanın rəhbərliyi altdan-altdan yenə avantürist planlar qurur, revanş hissi ilə yaşayır və hələ üstəlik, öz avantürasına Rusiyanı və Qərbin aparıcı dövlətlərini cəlb eləməyə çalışır.

“Ermənistanın əsas düşməni Türkiyə və ya Azərbaycan deyil, xaricdəki erməni diasporudur. Ermənistanda revanşist ovqatı aktiv şəkildə məhz diaspor alovlandırır. İntiqam isə tarixi dalana aparan yoldur”.

Bu sözləri rusiyalı siyasi ekspert İqor Korotçenko telegram kanalında yazıb.

Onunla razılaşmamaq çətindir. Söhbət xüsusən də ABŞ-dakı havadarlarına güvənən erməni lobbisindən gedir. Amma ermənilər yenə yanılır. Onları buradan-bura Rusiya xilas edə bilmədisə, okeanın o tayındakı “Sem dayı” da etməyəcək. Tək qurtuluş qapıbir qonşularla təcili dil tapmaqdır. Yolu çoxdan bəlli…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir