• C. Noy 22nd, 2024

BÜTÜN QADINLAR ÜÇÜN ÖRNƏK

ByYenigun.news

Avq 24, 2021

Müasir dünyada qadınların sosial-siyasi sahədə fəaliyyətinə, onların hüquqlarının qorunmasına və ictimai fəallıqlarının yüksəldilməsinə ciddi diqqət yetirilir. Eyni zamanda, hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olub. Azərbaycanda qadınların yeri və rolu həmişə böyük olub. Cəmiyyətin tərbiyəsində onların əvəzedilməz yeri vardır. Azərbaycanlı qadınlar sülh yaradıb, qan davalarını dayandırıblar, bütün cəmiyyətdə mehribanlığın bərqərar olmasına ciddi töhfələr veriblər. Bu mənada Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir.

Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi incə detalı, məğzi unutmaq əndişəsidir. Lakin peşəkar fəaliyyəti uzun illərdir Mehriban Əliyevanın adı ilə ayrılmaz şəkildə bağlı olan bir insan kimi, onun işə və ətrafdakılara münasibəti haqqında təəssüratlarımı bölüşmək qərarına gəldim.
O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. O, ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Mehriban Əliyeva həyatında bir çox şeylərə nail ola bilib: üç uşaq böyütmək və öz həyat yoldaşına etibarlı dayaq olmaqla, dəstəyə ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilmək.

Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bu günlər Mehriban xanımın ad gününü bütün xalqımız məhəbbətlə qeyd edir. O, bu istəklərə layiq şəxsiyyətdir.
Günel Dövlətova, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir