• Be. Noy 25th, 2024

CƏNUB QAZ DƏHLİZİNƏ MARAQ ARTIR

ByVuqar Ferzeliyev

Fev 8, 2022


Məlum olduğu kimi 4 fevral tarixində Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilmişdir. Prezidentimizin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçirilir və gələcək addımlar planlaşdırlır. Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra ölkəmiz Avropa bazarlarına ixracı artıra bilib. Artıq Türkiyəyə, İtaliya, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixrac olunub. Yaxın zamanlarda bu siyahıya Albaniya da qoşulacaq. Builki tədbirin iştirakçılarının sayı ötən illərlə müqayisədə daha çox oldu. Avropa ölkələri ilə yanaşı, bir sıra şirkətlərin nümayəndələri də iştirakçılar arasında idi. Yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır.
Prezidentimiz bu tədbirdə deyib ki, Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Avropada mövcud qaz böhranı, Qərbi Balkanların enerji çatışmazlığından əziyyət çəkdiyini müşahidə edirik. Bu gün biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.
Məşvərət Şurasının toplantısında əsas müzakirə olunan məsələlərdən biri də bərpa olunan enerji mənbələrinə dair perspektivlər oldu. Azərbaycan beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı kimi buna da hazırdır. Prezident İlham Əliyevin bəyanatından aydın oldu ki, bu, işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramda öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz da hazırdır. Yəni, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərin potensialından düzgün istifadə edir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.
Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bir daha aydın oldu ki, Azərbaycanın liderliyi ilə reallaşan bütün layihələr uğur qazanıb və hər kəs bu layihələrdən qazanc əldə edir. Budəfəki toplantıda iştirakçıların sayının çoxluğu isə Cənub Qaz Dəhlizinə marağın ilbəil artdığını göstərir.
Rafael Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir