• Şb. Noy 23rd, 2024

ERMƏNİSTANA DAHA BİR CİDDİ XƏBƏRDARLIQ

Byadmin

Okt 7, 2021

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya Agentliyinə müsahibəsində bir çox məsələlərlə bağlı mühüm mesajlar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun perspektivləri ilə bağlı idi. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək dedi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz. Bu mövqe Ermənistanı son günlər törətdiyi təxribatlardan çəkinməyə dəvət etməklə bərabər, həm də ona təmkinli, ancaq ciddi xəbərdarlıq idi. Yəni, sülhün əksi müharibədir və Azərbaycan buna hazırdır. Yaxşı olar ki, Ermənistan yeni məğlubiyyətə məhkum edilmiş müharibədənsə, inkişaf gətirəcək uzunmüddətli sülhə hazırlaşsın.
Hamıya gün kimi aydındır ki, rəsmi İrəvan hərbi cinayətkardır. Ermanistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər.
Prezidenti İlham Əliyev İspaniyanın EFE xəbər Agentliyinə verdiyi müsahibədə 2018-ci ildən hakimiyyətdə olan N. Paşinyanla dəfələrlə görüşdüyünü, lakin bütün görüşlərin, demək olar ki, faydasız olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlara hazır olduğunu bildirib. İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində deyib. “Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram”, – İlham Əliyev deyib. Onun sözlərinə görə bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. EFE-yə müsahibəsində Prezident İlham Əliyev həmçinin gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğunu deyib. Lakin o, belə təşəbbüslərə Ermənistanın hələ də “müsbət cavab” vermədiyini qeyd edib. Azərbaycanın “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədiyini söyləyən dövlətimizin rəhbəri bu məsələdə də Ermənistanın qeyri-konstruktiv mövqe sərgilədiyini vurğuladı.
Müsahibə zamanı Prezident qardaş Türkiyənin dəstəyini vurğulayaraq, bildirdi ki, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar: “Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi.
Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.
Lətifə Heydərova, Komanlı kənd İƏD üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir