• Şb. Noy 23rd, 2024

PREZİDENT İLHAM ƏLİYEVİN MƏQSƏDYÖNLÜ SİYASƏTİ

ByVuqar Ferzeliyev

Fev 5, 2022

Hər bir ölkədə cəmiyyətin aparıcı qüvvəsi gənclərdir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
2 Fevral Azərbaycan Gəncləri Günü də Ümummilli liderimiz Heydər Əliyevin gəncliyimizə böyük hədiyyəsidir, gənclərə dövlətin etimadının ifadəsidir. Hər il bu gün respublikamızda böyük coşğu ilə qeyd olunur. Prezident İlham Əliyevin iştirakı ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş forumun keçirilməsi də dövlətimizin gəncliyə olan diqqətinin bariz nümunəsidir. Tədbirdə dövlətimizin başçısı parlaq çıxış etdi. İlk olaraq, Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı, Ümummilli liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi.
1990-cı ilin əvvəllərində dövlət müstəqilliyini yenidən əldə etmiş respublikamızda mürəkkəb ictimai-siyasi proseslər cərəyan edir, dövlətimizə xələl gətirən, onun ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr, separatçı mövqedən çıxış edirdilər.Vətənin müdafiəsi torpaqlarımızın qorunması uğrunda yüzlərlə şəhid vermiş gənclərimiz diqqətdən kənar qalmışdılar.Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi ilə hakimiyyətə gələn möhtərəm Prezidentimiz Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət gənclərlə iş sahəsində də dönüş yaratmağa imkan verdi.
Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, – deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Biz növbəti dəfə əyani surətdə şahid olduq ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti uğurla davam etdirilir.Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gqn Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Orxan Əzimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir