“Zərdab rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsdə koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Zərdab Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda I doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyənləşib.
Fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.