İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.
“Yenigun.news” xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.