Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında dediyi kimi, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.
Avropada enerji böhranının davam etdiyini nəzərə alsaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun 2022-ci il də daxil olmaqla, növbəti illərdə daha da güclənəcəyi gözlənilir. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycan üçün iqtisadi bir layihədir. Çünki bu layihə Azərbaycanın valyuta gəlirlərinin artmasına imkan verəcək. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır.Xüsusilə Cənubi Avropa ilə yanaşı, Mərkəzi və Şərqi Avropadan olan ölkələr də Azərbaycanın mavi qazından faydalanacaqlar. Artıq Bolqarıstanın daxili şəbəkə vasitəsilə illik 12 milyard kubmetrə yaxın mavi qaz idxal etməsi, Azərbaycan mavi qazını alması praktiki olaraq razılaşdırılıb. Rumıniya və Macarıstanın kimi ölkələr Azərbaycan mavi qazını almaqda maraqlıdırlar. Avropa Komissiyası bütövlükdə digər Mərkəzi və Şərqi Avropa ölkələrinin də Cənub Qaz Dəhlizindən faydalanmasında maraqlıdır. Nəzərə alsaq ki, həmin ölkələrin Azərbaycandan aldığı mavi qaz gələcəkdə, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrinin mavi qaza olan tələbinin yarıdan çoxunu formalaşdıra biləcək. Buna görə də əslində, praktik olaraq Azərbaycan mavi qazını alan ölkələrin enerji təhlükəsizliyinə xüsusi töhfə olacaq.
Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin. Azərbaycanın enerji siyasəti regionda sülhə, təhlükəsizliyə, əmin amanlığa, əhalinin yüksək rifahının təmin olunmasına xidmət edir. Bu siyasət gələcəkdə də davam edəcək. Bu, bir daha göstərir ki, Azərbaycan böyük neft və qaz yataqlarına malik olmaqla yanaşı, elektrik enerjisi ixracı sahəsində də öz sözünü deyir.
Vüsal Kazımov