• C. Noy 22nd, 2024

ULU ÖNDƏRMİZİN İRSİ DÖVLƏTÇİLİYİMİZİN ƏSASIDIR

Byadmin

Noy 16, 2021

   Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin  ətrafında yaranmışdır, ulu öndərin peşəkar siyasəti sayəsində ölkə miqyasında yenilməz siyasi qüvvəyə çevrilmişdir. Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.        
   Respublikamız ən çətin məqamlarda – 1993-cü ildə özünün xilas yolunu müdrik rəhbərimizin dərin zəkası, uzaqgörənliyi sayəsində tapdı, onun göstərdiyi yolla gedərək ən qorxunc siyasi və iqtisadi böhranların məngənəsindən qurtardı.  Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər, şəxsi mənafeyini  güdən dırnaqarası xadimlər böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vurdular, ancaq onu yıxa bilmədilər. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin daxili və xarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi.  Heydər Əliyev sözün müstəqim mənasında xalqımızı bəlalardan qurtardı,  inkişafımızın yolunda yeni bir mərhələni bina etdi. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir və bu həqiqət xalqını, millətini məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hiss doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqdır.
   Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.
    Azərbaycan Prezidenti cənab İlham Əliyev göstərmişdir ki, regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da, inkişafımızın düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından, vətəndaşlarımızın qadir əməklə çalışmasından irəli gəlir.
    Ən əsası da odur ki, nailiyyətlər heç də boş yerdə yaranmır, bütün qələbələrin möhkəm təməli, bünövrəsi, kökləri var. Bu günkü inkişafımızın təməl daşlarını ümummilli liderimiz, dahi şəxsiyyət, dərin zəkalı fenomen insan Heydər Əliyev qoymuşdur. Ulu öndərimizin özünün müəllifi olduğu, vaxtında başladığı, həyatımızın bütün sahələrini əhatə edən  islahatların sayəsndə biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin şərəfli bir yolu uğurla keçə bilmişik. Hələ 1969-cu ildə yaradılmış təməl məhz Heydər Əliyev tərəfindən qoyulduğu üçün sarsılmazdır.
   Dövlətimizin həyata keçirtdiyi tədbirlər sayəsində biz beynəlxalq təcriddən çıxmışıq, nizami ordumuz vardır, beynəlxalq miqyasda əməkdaşlığımız gündən-günə genişlənir, dövlətin milli maraqları qorunmaqdadır. Bütün respublikada camaatın sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni iş yerləri yaradılır, əməkhaqları və pensiyalar müntəzəm olaraq çoxalır. Əlillərə, ahıllara, şəhild ailələrinə verilən sosial yardımlar artır, aztəminatlı ailələrə müavinətlərin verilməsi sistematik hal alır. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. Budur inkişafımızın parlaq sübutu!
     Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyəi ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi  respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

Rafiq Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir