“Ermənistanda seçkilər yenicə başa çatıb. Hələlik onun nəticələrinin Qarabağdakı vəziyyətə təsiri barədə danışmaq tezdir”.
TASS agentliyi xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmidlə baş tutmuş danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanda keçirilmiş parlament seçkilərini şərh edərkən söyləyib.
S. Lavrov bildirib ki, Ermənistandakı son parlament seçkilərin siyasi həyatın formalaşmasına necə təsir göstərəcəyi hələ bəlli deyil:
“Gəlin, orada yeni hökumət formalaşanadək gözləyək”.
S.Lavrov əlavə edib ki, Rusiya tərəfi müharibəyə son qoymuş üçtərəfli razılaşmaların işlək olmasından, bütün iqtisadi fəaliyyətlərin açılımından, blokadanın götürülməsindən və bütün bunların tərəflərin maraqlarına cavab verməsindən çıxış edir.