Bu günlərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkənin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi üçün genişmiqyaslı əməliyyat keçirir. Bu iş çox çətin şərtlərdə aparılır. Belə ki, erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtina edərək, bərpa prosesinə hər vasitə ilə mane olur. Halbuki, minalardan həm azərbaycanlılar, həm də ermənilər, hətta 10 noyabr tarixində imzalanmış üçtərəfli sazişdən sonra ölkəmizin ərazisində olan sülhməramlılar da əziyyət çəkirlər.
Beynəlxalq mina təhlükəsizliyi sahəsində maariflənmə və minalardan təmizlənməyə yardım günü ərəfəsində Caliber.Az ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanovla söhbətləşib.
Ekspert bildirib ki, təmsil etdiyi qurum ikinci Qarabağ müharibəsindən sonra nəhəng minalanmış bir ərazi ilə qarşılaşıb:
“30 ilə yaxın idi ki, torpaqlarımız erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsindən sonra nəhəng minalanmış ərazi ilə qarşılaşdıq. Düşmən təxminən otuz ildir ki, piyada və tank əleyhinə minaları yerə basdırır və bunu xaotik şəkildə edirdi. Minaların təmizlənməsi işləri zamanı biz çox sayda müxtəlif hərbi mərmi və sursatlar aşkar edirik. Ermənilər bizə minalanmış ərazilərin xəritələrini vermək istəmirlər və bunu bilərəkdən edirlər. Həqiqət budur ki, onlar qəsdən minaları qeyri-standart şəkildə düzüblər. Bir qayda olaraq, kvadratmetrə maksimum iki mina qoyulur. Biz isə əraziləri təmizləyərkən hər kvadratmetrə dörd-altı mina tapırıq. Bunun heç bir normal izahı yoxdur”, – deyə A.Aslanov bildirib.
Mütəxəssis Ermənistan tərəfində mina sahələrinin xəritələrinin olmaması ehtimalını mümkün saymır. Onun fikrincə, düşmən uzun müddət ərazilərimizi işğal altında saxlayıb, orada mövqelər qurub. Odur ki, ən azı öz təhlükəsizliyini təmin etmək məqsədilə mütləq belə xəritələr tərtib etməli idi:
“Hərçənd, ermənilər ikinci Qarabağ müharibəsi zamanı torpaqlarımızı tələsik tərk edərək yolları və infrastrukturu minaladılar ki, biz mümkün qədər çox problemlə qarşılaşaq. Əlbəttə ki, bu cür hərəkətlər beynəlxalq normaları və 10 noyabr 2021-ci il tarixli üçlü sazişin müddəalarını kobud şəkildə pozur. Əslində döyüş əməliyyatları bitdikdən sonra tərəflər minalanmış ərazilərin xəritələrini təqdim etmək məcburiyyətindədirlər ki, insanların həyatına təhlükə yaranmasın. Amma ermənilər bunu etmək istəmirlər”, -deyə mütəxəssis qeyd edib.
Adil Aslanov işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın qanunsuz şəkildə səfər etmələri məsələsinə də toxunub. O, bildirib ki, 30 ilə yaxın torpaq həsrətilə yaşayan insanların bu əməlləri başadüşülən olsa da, olduqca təhlükəlidir:
“Azad edilmiş ərazilərə alternativ yollarla giriş qadağandır. Bu, çox risklidir, çünki torpaqlar hələ minalardan tamamilə təmizlənməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə xüsusi komendantlar fəaliyyət göstərir. Buna görə rayonların hər birinin girişində stasionar nəzarət-buraxılış məntəqələri yaradılıb. Yalnız azad edilmiş ərazilərin bərpası ilə məşğul olan şəxslərin və nəqliyyat vasitələrinin bu məntəqələrdən keçmək hüququ var.
Minalanmış əraziləri ziyarət etmək son dərəcə təhlükəlidir və yalnız səlahiyyətlilərin icazəsi ilə mümkündür. Hazırda ərazi təmizlənməsi prosesi məqsədyönlü şəkildə aparılır. Bu, çox əziyyətli bir işdir. Lakin vətəndaşların da öz işini bilən və vəziyyəti tam idarə edən dövlətə etibar etmələri lazımdır.
ANAMA da öz növbəsində qeyd olunan ərazilərdə xüsusi elanlar və reklam lövhələri quraşdırıb. Eyni zamanda, agentliyimizdə minaların yaratdığı təhlükə barədə xalqın məlumatlandırılması üçün hazırlanmış xüsusi bir qrup da fəaliyyət göstərir. Əməkdaşlarımız keçmiş cəbhə bölgəsində yerləşən bütün kəndlərdə, şəhərlərdə və qəsəbələrdə əhali ilə işləyirlər, onları maarifləndirirlər.
Bizim üçün əsas vəzifə kommunikasiya xətlərini, yolları və əlaqə infrastrukturunu təmizləməkdir. Yaxın gələcəkdə minalardan təmizlənmə işləri daha geniş miqyasda aparılacaq”, – deyə A.Aslanov vurğulayıb.