• C. Dek 13th, 2024

Komitə sədri Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən DANIŞDI

ByYenigun.news

Apr 23, 2022

“Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar”.

“Report”un xəbərinə görə, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşıda həllini gözləyən əsas problemlərdəndir:

“Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısı Qarabağın quruculuğuna yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların buraya – Ana Vətənə sərmayə qoymasıdır. Bunun üçün İqtisadiyyat Nazirliyi ilə birgə əməli işlərə başlanıb.

Prezident İlham Əliyevin dediyi kimi, “bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”. 2020-ci ildə “YAŞAT” Fondu ilə Dövlət Komitəsinin birgə reallaşdırdığı həyati vacib əhəmiyyətli “Xeyriyyə Marafonu”nun davamı olaraq Qarabağ Dirçəliş Fondu ilə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur.

İnanırıq ki, Azərbaycan diasporu bu təşəbbüsə dəstək göstərməklə azad olunmuş tarixi memarlıq abidələrimizin bərpasına öz imzasını atacaq, həmin xeyriyyəçiliyi göstərən lövhə burada həkk olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir