• Ca. Okt 3rd, 2024

Prezidentin Brüsseldə diplomatik qələbəsi

ByYenigun.news

Apr 9, 2022

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirdikləri görüşün nəticələri sülh sazişinin imzalanacağına böyük ümidlər yaradır. Müzakirələrin postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında aparılması ölkəmizin milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğun olmaqla, regionda sülh və təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir”.

Bu barədə Oxu.Az-a millət vəkili Emin Hacıyev deyib.

Belə ki, görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə iki ölkə arasında məhz həmin beş prinsip əsasında sülh sazişinin hazırlanmasına başlamaq üçün təlimat verilib. Sülh sazişinə dair razılaşma onu deməyə əsas verir ki, İrəvan Bakının təklif etdiyi baza prinsiplərini qeyd-şərtsiz qəbul edib. Burada əsas prinsipial məsələ isə Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığıdır.

Tərəflər həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıblar. Bu, dövlət sərhədində erməni silahlı qüvvələri tərəfindən yaradılan gərginliyin azaldılmasına və sülh prosesinin sürətlənməsinə ciddi əsaslar yaradır.

Danışıqlar prosesində eyni zamanda hər iki ölkə arasında nəqliyyat-kommunikasiyaların bərpası, dəmir yolu xətlərinin, avtomobil yollarının tikilməsi ilə də bağlı razılığa gəlinib. Bundan başqa, Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsi, Qarabağda bərpa-yenidənqurma işləri ilə bağlı məsələlərdə Azərbaycana köməklik göstərəcək. Üçtərəfli görüşlə bağlı diqqət çəkən məqamlardan biri də Avropa İttifaqı Şurası Prezidentinin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı qeydin olmamasıdır ki, bu da tam olaraq Azərbaycanın mövqeyinin qəbul olunmasından xəbər verir.

ATƏT-in Minsk qrupu ətrafında yaşanan son hadisələr də bir daha bu formatın mahiyyətini ortaya qoydu. Əslində Minsk qrupunun taleyi ilə bağlı Prezident İlham Əliyevin Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra söylədiyi fikirlər, bu təşkilatın illər boyu fəaliyyətsizliyi və münaqişənin həllinə ikili standartlarla yanaşmaları nəticədə bu qurumun sonunu təmin etdi. Bu reallığı iki il sonra həmsədr ölkələr özləri də qəbul etmək məcburiyyətində qaldılar.

Beləliklə, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni format sülh sazişinin imzalanmasına və regionda əmin-amanlığın bərqərar olmasına hesablanıb. Heç şübhəsiz, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının da maraqlarına xidmət edir. Bu, qurumun regionda maraqlı olduğu iri layihələrin perspektivi istiqamətində istəkləri ilə üst-üstə düşür. Qeyd edək ki, Azərbaycan Avropa İttifaqının regiondakı əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqı ilə aparılmaqda, üzv dövlətlərin 1 700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərməkdədir.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola sahibdir. Son geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqı ölkələrinə qaz ixrac edən dövlət kimi aktuallığını daha da artırır. Belə olan halda, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçiliyi ələ alması regionun gələcəyi üçün mühüm perspektivlər vəd edir. İndi qalır Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi. Hazırda Ermənistanda baş verən proseslər onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplomatik səyləri böyük səmərə verir. Ermənistan rəhbərliyinin müxtəlif bəhanələrlə sülh prosesini ləngitmək cəhdləri isə iflasa məhkumdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir