Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargah rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qərargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.
Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.