“İqlim dəyişməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının azalması, digər tərəfdən əhalinin sayının artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirib”.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı su probleminin səbəblərindən danışarkən deyib.
Baş nazir bildirib ki, Prezidentin tapşırığı ilə su ehtiyatlarından planlı, optimal və səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatında yaranmış problemlərin həlli hökumət qarşısında duran ən ciddi vəzifələrdən biridir:
“Dövlət başçısının Sərəncamı ilə 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə üzrə komissiya yaradılıb”, – deyə Ə.Əsədov əlavə edib.