“Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr regionda yaranmış yeni reallıqları qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetinə yazdığı məqalədə bildirib.
Xidmət rəisi qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarə və şöbələri tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür.
“Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər və rayonlarında olduğu kimi işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur. Bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür”,-deyə Əli Nağıyev bildirib.
O daha sonra əlavə edib:
“Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaq”.