Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxış etdi.
Dövlət başçısının çıxışını “Enerji təhlükəsizliyində Azərbaycanın artan roluna ərəb ölkələrinin dəstəyi” konteksti ilə şərh etmək mümkündür.
Prezident deyib ki, Azərbaycan üzrə quruda 27 giqavatlıq, işğaldan azad edilmiş ərazilərdə 10 giqavatlıq külək və Günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi imkanları mövcuddur.
Ümumilikdə 200 giqavata yaxın potensial var və Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.
Azərbaycan Cənubi Qafqazda müharibədən sonrakı reallıqlarda enerji mənbələri üzrə axtarışlarını regional təhlükəsizliyin sərhədlərini uzatmaq və bərkitmək səbəbilə həyata keçirir.
Ona görə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə müqavilələr bağlanaraq (müvafiq olaraq “Acwa Power” və “Masdar”) alternativ enerjilərdən “güc almaq” prinsipi prioritetlərə çevrilir. Bu prinsiplərə Böyük Britaniyanın Azərbaycanın enerji sektorunda böyük pay sahibi olan bp şirkəti də qoşulur.
Azərbaycanın ərəb ölkələrinin təcrübəsinə müraciət etməsi alternativ enerjilərin ötürülməsi üçün Cənub Qaz Dəhlizi boyunca yeni tədarük xətlərinin tikintisini aktual edir.
O mənada ki, Azərbaycan Cənub Qaz Dəhlizi marşrutu ilə ixrac edilən qazın həcmini artırmaq gücündədir və bunun üçün boru xətlərinin şaxələnməsi şərtdir.
Əgər Azərbaycanda alternativ enerjilərin tutumu lazım olan həddə qədər irəliləsə, daxili tələbatda ənənəvi resurslardan tədrici imtina mümkünləşəcək.
Bununla da Azərbaycan indi daxili tələbat üçün istifadə etdiyi qazı ixrac həcminin tərkibinə gətirərək Avropaya daha çox qazın ötürülməsi potensialını qazanacaq.
Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi bəyanatın mahiyyəti də bu qəbildən hesab oluna bilər. Ancaq Azərbaycan daha çox enerji təhlükəsizliyinin regional rəngini düşünərək “yaşıl” enerjinin xarici bazarlara çıxarılmasına çalışır.
Prezidentin dediklərindən çıxarışlar:
– Azərbaycanın 2022-ci ildə təbii qaz ixracı 19 milyard kubmetr idisə, 2023-cü ildə 24 milyard kubmetrə çatacaq;
– Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi planları Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil;
– Azərbaycanın məqsədi ixracın diversifikasiyası, iqtisadiyyatın yeni ekoloji təmiz sektorunun yaranmasına nail olmaqdır.
Yəni ilkin mərhələ üçün plan ölkədə alternativ enerjinin həcminin genişləndirilməsi mexanizmi üzərində qurulur. İkinci mərhələdə isə “yaşıl” enerjinin ixrac potensialının inkişaf etdirilməsi üzərində düşünülür.
Artıq Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerji sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanıb. Bu, müqavilə tərəflərinə və tərəfdaşlara ixracla daxili istehlak arasındakı balansı nizamlamaq öhdəliklərinin düzgün icrası baxımından çağırışdır.
Azərbaycan üzərinə düşən məsuliyyəti Böyük Britaniyanın bp, “Acwa Power” və “Masdar” şirkətləri vasitəsilə yerinə yetirmək əzmindədir.
Təbii ki, Azərbaycanın ərəb coğrafiyasında çəkisini artırması və profilini qaldırması hansısa ölkələrin narahatlığına səbəb olacaq. Bu narahatlıqlar üzrə yeni-yeni əlamətləri, yəqin ki, yaxın aylarda müşahidə edəcəyik.
Aqşin Kərimov