• Ca. Noy 7th, 2024

Əliyev “Çin mərkəzli” nizama vurğu edir – TƏHLİL

ByYenigun.news

Yan 19, 2023

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

İlk olaraq müsahibə üçün seçilən məkana diqqət etmək yaxşı olardı. Davos İqtisadi Forumu dünyanın çarxını müəyyən etmək üçün tezislərin, idealların toplandığı mühüm platformadır.

Bu platformadan ötürülən mesajlar rəqiblərin, tərəfdaşların və dostların nəbzini ölçməyə istiqamətlənib və onların verilən bəyanatlara hansı reaksiya göstərəcəyini təyin edir.

Çin beynəlxalq platformalarda Azərbaycana qarşı kampaniyalara qoşulmur, əksinə, “səssiz ordu”su olan iqtisadi rıçaqlarından Bakının regional oyun qaydalarındakı yerini möhkəmlətmək üçün istifadə edir.

Çünki Azərbaycan Zəngəzur dəhlizinin açılmasını Ermənistanın qarşısına şərt qoyur. Açılması gözlənilən bu koridor Orta Dəhlizin əhəmiyyətini artırır və Çinin Cənubi Qafqaz regionundakı iştirak həcmini genişləndirə biləcək platformaya çevirir.

Prezident İlham Əliyev müsahibədə Orta Dəhliz kontekstində “biz öz ev tapşırığımızı yerinə yetirmişik” deməklə pası Çinə atır. Yəni Çin bundan sonra Azərbaycandakı yatırımlarının istiqamətini Zəngəzur dəhlizinin açılması, onun perspektivləri və enerji resurslarının ixrac marşrutlarını şaxələndirməyə yönəltməlidir.

Orta Dəhlizin gələcəyini parlaq edəcək vasitələrdən biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər hövzəsinə yönəldilməsi planıdır.

Çinin nəhəng iqtisadi proyektlərinin xəritəsinə baxdıqda Pekinin Türk Dövlətləri Təşkilatının iqtisadi potensialından faydalanmaq istəklərini görmək olur.

TDT gələcəyin alternativ güc mərkəzi olmaq iddiasını gözə çarpdırır. Bu təşkilata üzv olan ölkələrdəki iqtisadi sərvətlər Çin üçün cəlbedicidir. Ona görə də Çin TDT-nin iqtisadi gücünü özünün qüdrətinə transfer etmək məqsədlərini güdməkdə inadkardır.

Dünya nizamındakı qüvvələr və güc nisbəti Çinin xeyrinə doğru dəyişmək axarına girib. Oxumaq olur ki, Azərbaycan xarici siyasət kursunu “Çin mərkəzli” trayektoriyaya yönləndirir.

İlham Əliyevin müsahibədəki tezislərinin ümumi xarakteristikasından belə qənaət hasil olur.

Prezident İlham Əliyev müsahibədə digər qlobal oyunçuları tənqid, Çini isə təqdir etdi. İlham Əliyevin sitatı: “Bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır”.

Bunun paralelində İlham Əliyev müsahibədə Çinin iqtisadi, texnoloji resurslarla dünya siyasətindəki həlledici rolundan danışdı.  

Bununla da Azərbaycanın xarici siyasət kursundakı strateji hesablamaların açarını təqdim etdi.

Bu hesablamalarda Çinə ən ağıllı və başqasının potensialını düzgün qiymətləndirən oyunçu kimi baxılır.

Belə olan təqdirdə, Çindəki iqtisadi artım tempi və bunun qlobal siyasətdəki təzahürləri Azərbaycana sərfəli görünür. İlham Əliyev bunu: “Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”, – deməklə ifadə etdi.  

PROQNOZLAR:

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin qloballaşan nəticələrini və bunun Cənubi Qafqaza mənfi təsirlərini Çin amili tarazlaşdırmağa çalışır. Bakı bu xətti uzunmüddətli konsepsiyaya çevirə bilər.

İlham Əliyevin Davos İqtisadi Forumunun kuluarlarından Çin barədəki xoşməramlı mesajları, o cümlədən Çin Sədri Si Cinpinin onu böyük dostu kimi gördüyünü deməsi Pekinin rəqiblərinin diqqətini çəkəcək.

Mümkündür ki, bundan sonra Zəngəzur dəhlizində hakim mövqe qazanmaq istəyən Rusiya, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı Çin faktoru ilə bağlı mövqelərini yenidən nəzərdən keçirsinlər.

Bunun regionda sağlam rəqabətin hüdudlarını aşıb, gərgin fazaya daxil olmasını Rusiya-Ukrayna müharibəsinin gedişatı müəyyən edə bilər.

Ancaq Çin əlində tutduğu regional və qlobal layihələrin bəşəri dayanıqlılığını təmin etmək üçün investisiyalarının həcmini böyütməkdən qaçmayacaq.  

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir