Avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının növbəti raundunun keçirilməsi gözlənilir.
Budəfəki müzakirə masası da Avropa İttifaqının səyi və təşəbbüsü ilə qurulacaq və sülh gündəliyinin keyfiyyətcə yeni mərhələsini özündə əks etdirəcək.
Liderlərin Brüssel tematikası avqust ayı ərzində Azərbaycanın öz xeyrinə çevirdiyi iki hadisənin bundan sonra əldə olunacaq nəticələrlə sinxronlaşdırılması baxımından önəmlidir.
Birincisi, Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə antiterror əməliyyatının presedentini əyani şəkildə göstərdi.
İkincisi, Azərbaycan 10 Noyabr Bəyanatında nəzərdə tutulan Laçın dəhlizinə (artıq keçmiş) alternativ marşrutun tikintisi ilə erməni əhalinin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxışını təmin etdi. Bu, həm də Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasına aid əsas nümunə kimi də qiymətləndirilməlidir.
NƏTİCƏ: Azərbaycan müharibəni dayandıran bəyanatın bəndlərinin istisnasız icra edilməsi şərtlərini və prosesin yubadılmasına cəhdlərin mənasız olduğunu praktiki şəkildə göstərdi.
Həmin nəticədən yola çıxaraq, vurğulamaq lazımdır ki, Azərbaycan üçün Qarabağ məsələsi artıq xarici siyasət istiqamətindən daxili tənzimləmə mexanizminə çevrilib.
Ona görə də sərhədlərin müəyyən edilməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi mövzusu Əliyev-Paşinyan danışıqlarının prioritetlərində ön səfdə dayanacaq.
Azərbaycan dövlətində sərhədlərin delimitasiyasına dair tələblər (səkkiz kəndin də geri qaytarılması daxil olmaqla) Bakının diktəedici şərtlərinin miqyasının genişlənməsi, Türkiyənin strateji dəstəyi, Rusiyanın Bakı ilə tərəfdaşlığı, Qərbin reallıqlarla barışması fonunda daha da konkretləşir.
Azərbaycan yaranmış fürsətləri və regionda gedən prosesləri böyük məharətlə öz xeyrinə dəyişdirdiyindən sərhədlərə baxış bucağını da böyütməsi siyasi müstəvidə normal qarşılanmalıdır.
Bütün bunların cövhəri Zəngəzur dəhlizinin açılmasını və koridorun Bakının müəyyən edəcəyi rejim əsasında işləməsini şərtləndirən perspektiv istiqamətləri siyasi üfüqlərə gətirir.
Ermənistan sərhəd mövzusunda diqqətli olmalıdır, o mənada ki, iki dövləti ayıracaq zolaq boyunca hər hansı təxribatın cavabı İrəvan üçün daha sarsıdıcı ola bilər.
İlk olaraq, mütləq nəzərə almaq lazımdır ki, artıq Azərbaycanın Laçın və Kəlbəcərdəki mövqeləri Ermənistanın taktiki və strateji dərinliklərinin vizual-kəşfiyyat nəzarəti altında saxlanılmasını təmin edir.
Digər tərəfdən, Naxçıvanın Ermənistanla sərhəd zonasında da ordumuzun hərbi-taktiki üstünlüyünü təmin edən mövqelərdə bərkimə işləri həyata keçirilib və bu, paytaxt İrəvana doğru açılan qapıdır.
İrəvan, başı üzərində Azərbaycanın açdığı strateji panoramın çəkisində artan ağırlığı hiss etməkdədir və Paşinyan danışıqlarda Azərbaycandan möhlət istəmək məcburiyyətini bir daha nümayiş etdirəcək.
Ancaq Paşinyan möhləti Azərbaycana qarşı vaxt uzatmaq həddinə gətirməməlidir, buna görə də konkret vəd verməlidir və sərhədlərin delimitasiyasından məqsədyönlü yayınmayacağını bildirməlidir, paralel olaraq isə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinin inşasına, qrafikinə dair cədvəli təqdim etməlidir.
PROQNOZ:
Əliyev-Paşinyan danışıqlarının xarakteristikası və bunun nəticələri Azərbaycanın xeyrinə doğru sürətlə dəyişən başqa proseslərə təkan verəcək.
Çünki Paşinyan danışıqlarda sonrakı gedişatlar üçün zahiri parıltıda görünəcək güzəştlərdən başqa, Azərbaycanın əlinə digər strateji imtiyazlar vermək məcburiyyətində qalacaq.
Aqşin Kərimov